Üçüncü yarış günündə də lider Azərbaycan komandasıdır

XV Avropa Gənclər Yay Olimpiya Festivalında 3-cü yarış günü davam edir. SİA-nın məlumatına görə bu günədək daha 10 çempionluq müəyyənləşdi.

Startda qızıl medal qazanmış ölkələrin sayı 3 idisə, hazırda onların sayı 8-dir: Azərbaycan, Belarus və İtaliyanın sırasına bu gün Rusiya, Türkiyə, Rumıniya, Xorvatiya və Böyük Britaniya da qoşuldu. Maraqlı məqamlardan biri kimi, Azərbaycan, Rusiya və İtaliyanın yarış gününü eyni sayda – 2 çempionluqla tamamlaması qeyd oluna bilər.

Gümüş medalların sayında ən yüksək göstərici Azərbaycan və Gürcüstan komandalarındadır – 4. Bürünc medal sayında hazırkı rekordçular isə hərəyə 5 dəfə 3-cü olmuş Rusiya və Belarus idmançılarıdır.

Günün əsas qeyd olunası özəlliyi kollektiv idman növlərində - voleybol, basketbol və həndbolda mübarizənin başlanmasıdır. Hər üç növdə qrup mərhələsinin oyunlarına start verildi.

Tennisçilərin təsnifat mərhələsi çərçivəsində həm fərdi, həm də qoşa yarışlarda maraqlı və gərgin mübarizə şəraitində keçən görüşlər oldu.

Startı maraqla gözlənilən yarışlar sırasında isə təbii ki, atletika və üzgüçülük xüsusi qeyd edilməlidir.

İki yarış günündən sonra Azərbaycan 4 qızıl, 4 gümüş və 2 bürünc medalla komanda hesabında liderliyini davam etdirir. İtaliya idmançıları 3 qızıl, 1 bürünclə 2-ci pillədə qərarlaşır, ilk üçlüyü isə 2 qızıl, 1 gümüş və 5 bürünc mükafatla Rusiya komandası qapayır.

Medalların ümumi sayında da Azərbaycan komandası 1-cidir – təşkilatçı ölkənin idmançıları 10 halda fəxri kürsüyə qalxıblar. Rusiaynın hesabında 8, Belarusun 6 medal var.

Mübarizə bütün gərginliyi ilə davam edir və Bakı yarışlarına iyulun 27-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...