Neftçi"nin baş məşqçisi: “Oyunçularıma rəqibi düzgün qiymətləndirməyi tapşırmışdım”

"Çətin oyun olacağını bilirdik. Komandama tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar".

SİA-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordinə deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşünə çıxan "ağ-qaralar" rəqibini növbəti dəfə darmadağın edib - 6:0.

Oyunsonrası təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssisin qələbə şərh edib: "Bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Bu, heç də belə deyil. Oyunun əvvəli istədiyimiz kimi getmirdi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşması yaxşı oldu və gözəl qələbə qazandıq".

- Düşünmürsünüz ki, oyunun ulduzu İsmayıl Zülfüqarlı oldu?
- Bu qələbə bütün komandanındır. Hamı gözəl oyun nümayiş etdirdi. Hamı özünü yaxşı göstərdi. İsmayılın oyununu da yaxşı qiymətləndirirəm. Mübarizəyə yaxşı qoşuldu. İkinci oyununu keçirdi. Qol vurmasını hədiyyə hesab edirəm.

- II mərhələdəki rəqibiniz "Arsenal"ın həftəsonu çempionat oyunu var. Həmin matçı izləmək üçün Rusiyaya səfər etmək planınız varmı?
- Ola bilsin ki, kimisə göndərdik. Planda var. Başqa vasitələr də var. Müzakirə etdikdən sonra bir qərar verəcəyik. Onu deyə bilərəm ki, bizi çətin oyun gözləyir.

- İki oyunda 9 qol vursanız da, hücumçunuz Rauf Əliyev susqun oldu. Bu, daha ciddi rəqiblə oyunöncəsi siqnal deyil?
- Düzdü, Rauf fərqlənmədi. Amma bu, siqnal deyil. Onun göstərdiyi oyun komandaya çox xeyir verdi. Oyunçunun komandanın xeyri çox önəmlidir. Bəzi neqativ halları növbəti matça qədər düzəltməliyik.

- Bu, Azərbaycan klublarının avrokuboklar tarixində ən böyükhesablı qələbəsi oldu. Bu gün nədənsə narazı qaldınız?
- Sevinirəm ki, Azərbaycan futbol tarixinə düşdük. Razı qalmadığım amil oyunçular arasında əlaqənin istənilən səviyyədə olmaması və topu tez itirməyimiz idi.

- Jozef Monrozun transferindən sonra demək olarmı ki, Baqali Dabo sağaldıqdan sonra hücumun mərkəzində çıxış edəcək?
- Dabo da, Monroz da hücumun hər üç mövqeyində oynamağı bacarır. Əsas odur ki, Dabo tezliklə hazır olsun. Baş məşqçi bütün oyunçularının əlinin altında olmasını istəyir ki, seçim imkanı geniş olsun.

- İsmayıl Zülfüqarlı oyunun gedişində və ondan sonra çox dəstək gördü. Onun tez ulduz xəstəliyinə tutulmasından qorxmursunuz? Gənc futbolçu ilə söhbət etmək fikriniz var?
- İnanmıram belə olsun. Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq (gülür). İsmayıl bu gün oyuna çox yaxşı daxil oldu, qol epizodunda da düzgün mövqe seçmişdi. Ona görə çox sevinirəm. Verilən şanslardan istifadə etməyə çalışmalıdır. Bu gün də bu imkandan düzgün yararlandı. Cavan oyunçudur, öz üzərində çox çalışmalı, inkişaf etməlidir. Ətrafında təcrübəli oyunçular var, onlardan götürməli olduğu çox şey var.

- Ardıcıl iki böyükhesablı qələbə komandaya iki cür təsir edə bilər: motivasiyanı artıra və ya eyforiya yarada bilər. Bunu nəzərə alırsınızmı?
- Bayaq da dediyim kimi, oyunçularıma rəqibi düzgün qiymətləndirməyi tapşırmışdım. Hər iki oyunda qazanılan qələbə bizim üçün böyük motivasiya olacaq. Qarşıda bir neçə gün var ki, komandanı yaxşı hazırlaşdıraq. Çünki bizi olduqca güclü rəqiblə oyunlar gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...