Qarabağ niskilli məşhur idmançımız

Rəşad Yaqubov: “Arzum Qarabağın mərkəzi və beşiyi olan Şuşada beynəlxalq səviyyəli yarışlarda iştirak etməklə, Azərbaycan bayrağını ən yüksəyə qaldırmaqdır”

Bu gün Azərbaycanın ən ağrılı yeri olan Qarabağ, tarixlər boyu özünün ədəbiyyat, incəsənət xadimləri və məşhur pəhləvanları ilə məşhur olub. Bu sahədə böyük uğurlar əlbə edən insanlar həmişə müllətimizə başucalığı gətiriblər. Amma çox əfsus ki, bizim belə cənnətməkan diyarımız düşmən tapdağı altında olsa da qarabağlılar heç də həvəsdən düşmür və çalışırlar ki, nəyin basına olursa olsun, Prezidentimizin ətrafında sıx birləşməklə torpaqlarımızı yağı düşməndən azad edib və hər bir sahədə millətimizə başucalığı gətirsinlər.

Bu gün mən də sizə bir qarabağlı igid haqqında söhbət açmaq istəyirəm. O igid ki, idman sahəsində böyük uğurlara imza atır. Ona görə istəyirəm ki, çoxminli oxucular belə igid, pəhləvan övladımızı daha yaxından tanısınlar. Bu, Rəşad Vidadi oğlu Yaqubovdur. Onun idman sahəsində uğurları haqqında çox eşitsəm də, amma onunla ilk dəfə görüşəndə belə çəlimsiz, cılız bədənli oğlanın beynəlxalq səviyyəli yarışların qalibi olmasına o qədər də inanmadım. Lakin Rəşad odlu-alovlu danışdıqca və yetirmələrinə çox cəldliklə idman fənləri göstərdikcə, dahi şairimiz İmadəddin Nəsiminin bu sözləri beynimdən keçdi: “Məndə sığar iki cahan mən bu cahana sığmazam”.

Qısa arayış: Rəşad Vidadi oğlu Yaqubov 1986-cı ilin oktyabr ayının 28-də bir vaxtlar Qarabağın gözü olan cənnətməkan Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Onun 7 yaşı olanda Ağdam rayonu erməni gavurları tərəfindən işğal olunandan sonra Rəşad Yaqubov da 1993-cü ildən valideyinlərilə birlikdə Sumqayıt şəhərinə pənah gətirib. Bu şəhər 100 mindən çox qaçqını və köçkünü öz doğmaları kimi qəbul elədiyi kimi Yaqubovlar ailəsini də öz doğmaları kimi qəbul eləyib. Rəşad birinci sinifə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbdə gedib. O, səkkizinci sinifi bitirəndən sonra təhsilini Sumqayıt şəhərindəki Texniki Kollecdə davam etdirib. Burada Yol Hərəkətinin Təşkili fakültəsini bitirib və orta texniki təhsil alıb.

Lap kiçik yaşlarından Rəşadın daxilində bir Ağdam niskili qalıb. Çünki həmişə evdə valideyinləri Ağdamı yada salıb və oradakı əziz xatirələrindən danışıb və övladları Rəşadı vətənpərvər ruhda böyüdüblər ki, zaman gəldikdə onların oğlu Qarabağı yağı düşmənlərdən azad etmək üçün yaxşı bir döyüşçü olsun. Məhz bu məqsədlə də Rəşadı lap uşaq yaşlarından idmanla məşğul olmağa həvəsləndiriblər. Rəşad ilk əvvəl, yəni elə 7 yaşından Yunan-Roma güləşilə məşğul olub. İlk məşqçisi Aydın müəllimdən bu güləşin sirlərini öyrənib. Az bir vaxta müəlliminin sevimlisi olub. Hətta özündən yaşca böyüklərlə güləşərək qalib gəlib. Amma klassik güləş Rəşadın istəklərini tam doğrultmadığına, bu sahədə istəklərinə tam nail ola bilmədiyinə görə o, idmanın boks, cüdo, sambo növü ilə də məşğul olub. Boks müəllimi Natiq Qasımovdan və cüdo, sambo müəllimi Habil Məsməliyevdən idmanın bu növlərinin sirrlərini daha dərindən öyrənib. Bu sahələrdə də az bir vaxta böyük uğurlar qazanıb. Tez-tez yarışlarda ən yüksək pedestalda dayanıb və I dərəcəli doplomlarla, qızıl medallarla mükafatlandırılıb. Amma Rəşad yenə də hiss eləyib ki, idman sahəsində o, hələ də öz sözünün layiqincə deyə bilmir. Beləliklə o, mərhum məşqçi Rövşən Veysəlovun rəhbərliyilə idmanın əlbəyaxa döyüşlərilə daha ciddi məşğul olmağa başlayıb. Bu sahə ona daha asan gəlib. Çünki klassik güləşdə, boksda, sanboda, cüdoda yığdığı təcrübə burada onun karına çox gəlib. Rəşad Yaqubov əlbəyaxa döyüşlərdə də az bir zamanda böyük uğurlar əldə edib. Respublika yarışlarının qalibi olub. Beynəlxalq səviyyəli yarışlara qatılıb. Bu yarışların da çempionu olub. Amma onun daxilində bir Qarabağ niskili olduğuna görə belə mötəbər yarışlarda qalib gəlsə də tam sevinməyib. Bu haqda söz düşəndə Rəşad belə dedi:

- Mən qarabağlıyam. Azərbaycanın işğalda olan torpaqları tam azad olunduqdan sonra yalnız başımı dik tutacam. O zaman fəxr edəcəm ki, babalarımızın, atalarımızın ruhu da sakitdir və Qarabağın hər yerində üçrəngli bayrağımız dalğalanır.

Ondan bu sözləri eşidəndə mən fərəh duydum ki, bizim Vətən, torpaq qeyrəti çəkən belə qoçaq oğullarımız var. Onun dediyi bu sözləri də Rəşadın məğrurluğunun, müdrikliyinin və əxlaqi tərbiyəsinin zəngin olmasının təcəssümü hesab elədim.

Bir maraqlı məsələni də vurğulamaq istəyirəm ki, Rəşad Yaqubov hər dəfə respublika və beynəlxalq səviyyəli yarışlardan qalib qayıdandan sonra Ağdama gedir və bu rayonun ermənilərlə vuruşda şəhid olan 6000-dən çox övladlarının məzarlarını ziyarət eləyir və sonra ikinci Vətəni Sumqayıta qayıdır. Bunun səbəbini soruşduqda o, belə dedi:

- Mən Ağdama gedəndə işğal altında olan torpaqlarımızın qoxusunu, ətrini bizdə olan torpaqlarımızdan alıram. Həm də şəhidlərimizin məzarını ziyartə eləyəndən sonra bir qədər yüngülləşirəm. Elə bil ki, onlardan güc alıram. Onların məzarına baxdıqca daxilimdə, beynimdə bu sözlər səslənir: “Biz, tezliklə yağı düşməndən sizin qisasınızı alacağıq. Biz, heç vaxt haqqı yerdə qoymayacağıq”.

Rəşad bu məqsədlə də Sumqayıtda 2015-ci ildə Sumqayıt Para Olimpiya kompleksində və 10-cu mikrorayondakı “Zirvə” Dostluq Klubunda əlbəyaxa döyüşlə bağlı iki idman məktəbi yaradıb. Burada çoxlu idmançılar yetişdirir. Onları təkcə idmançı kimi yox, həm də Vətənə döyüşçü ruhunda tərbiyə eləyir və hazırlayır. Hətta Rəşadın 6 yaşlı əkiz oğulları- Məhəmməd və Əli də idmanın əlbəyaxa döyüşü ilə ciddi məşğul olurlar.

Rəşad Yaqubov qazandığı bu uğurlarına görə ailə üzvlərinə və müəllimlərinə həmişə minnətdar olduğunu bildirir. O, amma bir şeyə çox heyfislənir ki, atası Vidadi kişi onun bu uğurlarını görə bilmədi. Rəşad Yaqubov ordudan qayıdandan iki il sonra, yəni 2010-cu ildə atası Vidadi kişi cəmi 45 yaşında dünyasını dəyişib. Onu qara torpaq altına Ağdam dərdi, Qarabağ niskili aparıb. Atasının son sözləri də belə olub: “Məni Qarabağ dərdi son məzara aparır. Çalışın Qarabağı tezliklə yağı düşmənlərdən azad eləyin ki, mənim kimi minlərlə qarabağlıların ruhu da şad olsun”.

Vidadi kişi elə Ağdam rayonunun öz doğulduğu və bu gün işğal altında olan Maqsudlu kəndindən bir qədər aralı olan Üçoğlan kəndində dəfn olunub.

- Mənim də ən böyük arzum atamın və minlərlə şəhidlərin arzusunu çin etməklə həmin torpaq uğrunda döyüşmək, Qarabağın mərkəzi və beşiyi olan Şuşada beynəlxalq səviyyəli yarışlarda iştirak etməklə, Azərbaycan bayrağını ən yüksəyə qaldırmaqdır,-deyə Rəşad çox uzaqlara baxdı.

Mən onun gözlərinə baxanda orada bir od, böyük bir inam gördüm. Və tam inandım ki, Rəşadın dediyi bu fikir tezliklə çin olacaq. Qarabağ niskiliylə yaşayan millətimiz tezliklə həmin yerlərə ziyarətə gedəcək. Qarabağın hər yerdində dalğalanan üçrəngli bayrağımıza heyranlıqla tamaşa edəcəklər. Bəli, o günlər heç də uzaqda deyil və tezliklə gələcək!

Azadə MƏHƏMMƏDQIZI,

Jurnalist-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə