"Topaz Futbol Festivalı 2019”un final mərhələsinin açılış mərasimi olub - FOTOLAR

İyulun 14-də Şağan Olimpiya İdman Komleksində “Topaz Futbol Festivalı 2019”un final mərhələsinin açılış mərasimi olub. SİA-nın məlumatına görə, əvvəlcə iştirakçı komandaların paradı olub. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıblar. Turnirin əhəmiyyətini yüksək qiymətləndirən natiqlər bildiriblər ki, festivalın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də minifutbolun kütləviliyini artırmaqdır.

Respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini təqdim edib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Turnirin final mərhələsində 8 komanda - “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Xırdalan” və “Sumqayıt-70” komandaları birincilik uğrunda mübarizə aparıb.

Tədbir çərçivəsində müxtəlif viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə