Dünya Çimərlik Oyunlarında 7 idmançımız iştirak edəcək

Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Dünya Çimərlik Oyunlarında iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar keçirilir. Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) bildiriblər ki, seminarda ölkəmizi oyunlarda təmsil edəcək nümayəndə heyətinin rəhbəri, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev iştirak edir.

Seminar çərçivəsində iştirakçı MOK-ların nümayəndələrinə yarış obyektlərinin hazırlığı, yaşayış, nəqliyyat, akkreditasiya, qidalanma, turnir cədvəli və digər mövzularla bağlı məlumat veriləcək. Seminar iştirakçıları yarış obyektləri ilə tanış olacaqlar. Dünya Çimərlik Oyunlarına Azərbaycanın 7 idmançısı - Kseniya Levkovska, Rostislav Pevtsov (akvatrilon), Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev, Oyan Nazariani (güləş) və Roman Heydərov (karate kata) vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə