“Neftçi”nin rəqibi – “Efroslar ailəsi”nin komandası

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Moldovanın "Sperantsa" klubu 1991-ci ildə yaranıb.

SİA xəbər verir ki, klub yarandığı ildən bir il sonra dünyaya gələn Kristian Efros komandanın baş məşqçisidir. 27 yaşlı məşqçi 5 ildir - 22 yaşından “Sperantsa”nı çalışdırır. Sabiq futbolçu klub prezidenti Petru Efrosun oğludur. Kristian Efros bu il Avropada mübarizə aparacaq komandaların baş məşqçiləri içərisində ən cavanıdır.

Petrunun digər oğlu 29 yaşlı Stefan isə “Speranta”nın kapitanıdır. Maraqlıdır ki, Petrunun xanımı Qabriela Sandu da klubda çalışır. O, Maliyyə və Kadrlar şöbəsinin rəhbəridir.

Ötən mövsümü 38 xalla 4-cü pillədə başa vuran Nisporeni təmsilçisi ev oyunlarını 7 min azarkeş tutumuna malik stadionda keçirir. Komanda hazırda Moldova çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb. Çempionatda 7 qol vuran Maksim Lurcu komandanın bombardiridir.

Bütün xəbərlər Facebook səhifəmizdə