Rusiya klubları UEFA-nın islahatlar planına qarşıdır

Rusiya Premyer-Liqasının klubları Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) 2024-cü ildən başlayaraq klub yarışlarında islahatlar aparılmasına dair hazırda müzakirə olunan layihəyə qarşı həmrəyliklə çıxış ediblər. Bu barədə Rusiya Premyer-Liqasının mətbuat xidməti məlumat yayıb.

UEFA may ayında İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2024-cü ildə icra oluna biləcək layihəsini təqdim edib. Layihəyə əsasən turnirin qrup mərhələsində hərəsində 8 komanda ilə 4 qrup olacaq. Bu, matçların sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Həmçinin yeni sistem aparıcı klublara daha meyilli olacaq.

Qeyd olunur ki, Avrokuboklarda islahatlar layihəsinin müzakirəsində klublar təklif olunan islahatın Rusiya Premyer-Liqasının təqvim strukturuna mənfi təsir edə biləcəyindən və digər aparıcı Avropa Liqaları ilə müqayisədə onun rəqabətqabiliyyətliliyini azalacağından çəkindiklərini bildiriblər. Bundan başqa, Rusiya Premyer-Liqası klublarının fikrincə, bu təşəbbüs bütün Avropa liqalarına ziyan vura bilər.

Məlumatda deyilir: “Klublar yekdilliklə razılaşıblar ki, ev çempionatı prioritet kimi qalmalıdır və futbol təqvimində hər hansı dəyişikliklərdə daxili yarışlarla bağlı tələblər nəzərə alınmalıdır. Bununla yanaşı, Çempionlar Liqasına və Avropa Liqasına təsnifatlar əvvəlki kimi klubların Premyer-Liqada çıxışlarının cari nəticələrindən asılı olmalıdır”.

Xatırladaq ki, artıq bir çox Avropa klubları, məsələn Almaniyanın “Şalke”, İtaliyanın “Latsio”, Fransanın “Sent-Etyen” və “Bordo”, İsveçrənin “Bazel” və “Yanq Boyz”, Portuqaliyanın “Braqa”, Fransa çempionatında iştirak edən “Monako”, İspaniyanın “Atletiko” və “Barselona” komandaları təklif olunan dəyişikliklərin əleyhinə olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...