Bakıda keçiriləcək AL-in finalının açılış mərasiminin prodüseri Polşa şirkəti olacaq

On milyonlarla futbol tamaşaçısı UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasının açılış mərasimini televiziya ekranlarından izləyəcək. Bu möhtəşəm final qarşılaşmasının açılış mərasimində albomları 2 milyon nüsxədən çox satılan britaniyalı DJ Conas Blu 150 dinamik yerli rəqqasla birlikdə səhnəyə çıxacaq.

SİA-nın məlumatına görə, Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunacaq bu möhtəşəm ifanın zəngin və müxtəlif elementləri ehtiva edəcəyi gözlənilir. Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Conas Blu özünün ən böyük hitlərinin miksini ifa edəcək və tamaşaçılara müsbət enerjini verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya ehtiramını bildirəcək.

Açılış mərasiminin prodüsseri Polşa şirkəti “Platige Image”dir. Bu şirkət indiyədək yeddi UEFA mərasiminin hazırlanmasında iştirak edib. UEFA Avropa Liqasının Bakıdakı final matçının açılış mərasimi dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şoularının rejissoru və səhnə rejissoru Valdek Şimkoviakdır.

Bütün xəbərlər Facebook səhifəmizdə