Azərbaycan gimnastları: "Əsas məqsəd ölkəmizi yüksək səviyyədə təmsil etmək idi"

"Azərbaycanı aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında uğurla təmsil etdiyimizə görə qürur duyuruq". SİA-nın məlumatına görə, bunu mayın 24-26-da Bakıda, Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının aerodans proqramında qızıl medal qazanan azərbaycanlı gimnastlar deyiblər.

Təmsilçilərimiz yarışa səylə hazırlaşdıqlarını və yüksək nəticə qazanacaqlarına inandıqlarını qeyd ediblər: “Əsas məqsəd ölkəmizi qitə çempionatında yüksək səviyyədə təmsil etmək idi. Qələbə qazanacağımıza inanırdıq. Yarışa səylə hazırlaşmışdıq. Bizə bəslənilən etimadı doğrultduğumuz üçün məmnunuq”.

Yarışda azarkeş dəstəyinin onlar üçün xüsusilə vacib olduğunu bildirən gimnastlar deyiblər: “Doğma azarkeşlərimiz bizə güclü dəstək verirdilər. Bu da bizim üçün çox vacib idi. Mükafatlandırma mərasimində onlar bizimlə birgə Azərbaycanın dövlət himnini ucadan axıradək oxudular. Həmin anlar keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir”.

Qeyd edək ki, Azərbaycan komandasını böyüklər arasında aerodans proqramında Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva təmsil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə