Britaniyanın Azərbaycandakı səfiri AL-in finalı ilə əlaqədar mətbuat konfransı keçirib - FOTOLAR

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir. Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan Hökuməti, hər iki ölkənin futbol federasiyaları, klubları ilə fəal əməkdaşlıq edir və bu sahədə çox işlər görülüb. UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar səfirlik Bakıya gələcək ingilis azarkeşlər üçün lazımi məlumatların olduğu xüsusi broşür hazırlayıb". SİA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar mayın 27-də təşkil etdiyi mətbuat konfransında deyib.

28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən diplomat ölkələrimiz arasında idman sahəsində əlaqələrdən danışarkən Bakıda keçiriləcək final oyunun əhəmiyyətini xüsusi qeyd edib. Kerol Krofts futbol üzrə İngiltərə millisinin 1966-cı ildə azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun düzgün qərarı sayəsində tarixində ilk dəfə dünya çempionu olduğunu bildirərək deyib: “Böyük Britaniya-Azərbaycan futbol əlaqələri barədə danışarkən ilk ağla gələn Tofiq Bəhramovdur. 1966-cı ildə keçirilən dünya çempionatının ildönümü ilə əlaqədar 2016-cı ildə biz Tofiq Bəhramovun ailəsini ziyarət etdik. Tofiq Bəhramovun ailəsi bizə onun arxivindən fotoşəkillər təqdim etdi. Həmin fotoşəkillər Azərbaycan ilə Böyük Britaniya arasında yüksək səviyyəli əlaqələrin rəmzlərindən biridir. Həmin il Tofiq Bəhramovun ailəsi Kraliça II Elizabetin doğum günü məclisinə dəvət edilib və orada onlara Tofiq Bəhramovun tarixi oyunda geyindiyi forma təqdim olunub.

Səfir Böyük Britaniya vətəndaşlarının Azərbaycana təkcə futbol matçlarında deyil, Formula 1, cüdo və idmanın digər növləri üzrə keçirilən idman yarışlarını izləmək üçün də səfər etdiklərini bildirib. Ölkəmizdə Birləşmiş Krallığın 500-dək şirkətinin fəaliyyət göstərdiyini və Britaniya icmasının mövcudluğunu qeyd edən diplomat bildirib ki, UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması ilə əlaqədar səfirlik AFFA və Azərbaycan hökuməti, eləcə də Britaniya polisi ilə sıx əməkdaşlıq edir. Səfirlik daha çox Britaniya vətəndaşının final oyununu izləmək üçün Bakıya gəlməsinə çalışır. O, final yarışı günü bir neçə çarter reysi ilə azarkeşlərin Bakıya gələcəklərini bildirib.

Diplomat mayın 29-da “Arsenal” və “Çelsi” klubları arasında möhtəşəm final matçının oynanılacağına əminliyini bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Londonun “Arsenal” və “Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə