Aerobika üzrə AÇ-də fərdi qadın proqramı üzrə təsnifat yarışları başa çatıb

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında fərdi qadın proqramı üzrə təsnifat yarışlarına yekun vurulub. SİA-nın məlumatına görə, hakimlərdən 21,300 xal alan Rusiya idmançısı Yekaterina Pixatova birinci olub. Türkiyəli Begüm Ayşe Onbaşı təsnifat mərhələsini ikinci, digər rusiyalı idmançı Tatyana Konakova üçüncü pillədə başa vurublar. İlk üçlükdən əlavə, Bolqarıstan gimnastları Darina Paşova, Ana-Maria Stoilova, ispaniyalı Belen Quillemot Esterleç, Portuqaliya təmsilçisi Sara Silva və rumıniyalı Sandra Kristina Dinca da finalda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri Xoşqədəm Quliyeva 25-ci, Nərminə Hüseynova isə 31-ci olublar.

Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar. Avropa çempionatında ölkəmizi 17 gimnast təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə