Finala çıxan gimnastlarımız: “Hamı məmnundur və nəticədən razıdır"

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aero-dans proqramında finala çıxmış Azərbaycan komandası çıxışdan razı qalıb. SİA-nın məlumatına görə, komandanın üzvü İmran İmranov bildirib ki, hər şey yaxşı keçib: “Bizim bu gün digər kateqoriyalarda - cütlük, üçlük və qrup proqramlarında çıxışlarımız olacaq. Zalın dəstəyi möhtəşəmdir”.

Komandanın digər üzvü Elçin Məmmədov deyib ki, gimnastlar məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışıb: “Hamı məmnundur və nəticədən razıdır. Ümid edirəm ki, finalda da layiqli nəticə göstərə biləcəyik”.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...