Bakıda aerobika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda aerobika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya, Milli Təşkilat Komitəsinin üzvlərinə, könüllülərə və azarkeşlərə təşəkkür edirəm".

F.Qayıbov Avropa çempionatını açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca isə bədii hissə başlayıb. Yerli gimnast və xoreoqraflarların ifasında "Gimnastika planeti" adlı şou nümayiş olunub.

Qeyd edək ki, Avropa çempionatı 3 günü əhatə edəcək. Milli Gimnastika Arenasında böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə bilər. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə