Duxik Canasyan: "Mxitaryanın yerində olsaydım, Azərbaycana gələrdim" - AÇIQLAMA - FOTO

"Bakıda yarışlar çox yüksək səviyyədə təşkil edilir. Burada hər şey əladır. İnsanlar çox mehribandırlar. Ehtiyac olanda bizə hər zaman kömək edirlər". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında Rusiya millisinin heyətində yarışan erməni gimnast Duxik Canasyan Azərbaycanın media nümayəndələrinə açıqlamasında deyib.

O, Bakıda Avropa çempionatında qardaşı ilə birlikdə iştirak etdiyini bildirib.

Gimnast 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına da qatıldıqlarını vurğulayıb: "Bakıda gözəl idman atmosferi var. Əsas odur ki, layiqincə çıxış edək. Milli Gimnastika Arenası qeyri-adi gözəlliyə malikdir. Burada hər bir imkanı olan geniş zal var. Azarkeşlər burada bütün gimnastları dəstəkləyirlər".

O, Azərbaycanın yeməklərini, buradakı yaşayış şəraitini çox bəyəndəyini qeyd edib.

"Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının final oyununda "Çelsi"yə qarşı matçda iştirak üçün Bakıya gəlməyəcəyi haqda danışan idmançı belə deyib: "Mən Mxitaryanın yerində olsaydım, Azərbaycana gələrdim, komandamın yanında olardım və onu dəstəkləyərdim".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə