Erməni gimnast: "Azərbaycan tam təhlükəsiz ölkədir" - AÇIQLAMA - FOTO

"Bakıda hamı mehribandır. Bəzən onlardan kömək istəyəndə dərhal bizə kömək edirlər". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında Rusiya millisinin heyətində yarışan erməni gimnast Qarsevan Canasyan Azərbaycanın media nümayəndələrinə açıqlamasında deyib.

Yarışda bacısı Duxik Canasyanla birlikdə iştirak edən idmançı Bakı haqqında təəssüratlarını bildirib: "Bakıda bizi hər şey qane edir. Burada təhlükəsizlik yüksək səviyyədədir. Ona görə də biz buraya gəlmişik. Bakını gəzmişik. Bura çox gözəldir və tam sərbəst gəzə bilirik. Sabah Avropa çempionatında çıxış edəcəyik. Məqsədmiz təmsil etdiyimiz ölkənin idman şərəfini qorumaq, bayrağını yüksəltməkdir. Bacımla üçlükdə çıxış edirik. Mən​ həm də aero dans proqramında 8 nəfərlik komandada çıxış edirəm".

O, Bakıdakı yarışdan sonra ikinci Avropa Oyunlarında da çıxış edəcəklərini deyib.

"Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının final oyununda "Çelsi"yə qarşı matçda iştirak üçün Bakıya gəlməyəcəyinə münasibət bildirən gimnast insanların müxtəlif olduğunu qeyd edib: "Azərbaycan tam təhlükəsiz ölkədir. Ona görə də biz buradayıq".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə