Tokio-2020 üçün daha 3 lisenziya xalı - FOTOLAR

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda ölkəmizin Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.

133 km məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. “Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o, 17-ci olub.

Diqqət çəkən daha bir məqam starta çıxan 89 iştirakçıdan yalnız 39-nun finişə çata bilməsidir. Qarşıdakı günlərdə velosipedçilərimizi Ukraynada keçiriləcək və Olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə