Dünya çempionatında uğurla çıxış etmiş taekvondoçularla görüş keçirilib - FOTO

Bu gün Gənclər və İdman Nazirliyində Böyük Britaniyanın Mançestr şəhərində təşkil edilmiş taekvondo üzrə dünya çempionatından 1 qızıl və 1 bürünc medalla qayıtmış milli komandamızla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, qurumun İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Taekvondo Federasiyanın (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, qadınlardan ibarət millinin baş məşqçisi Elnur Amanov, yığma komandanın üzvləri və media nümayəndələri iştirak ediblər.

Nazir müavini İ.İsmayılov idmançılarımızın dünya çempionatında qazandığı nəticələri yüksək qiymətləndirilib. O, taekvondoçularımızın belə uğurlu göstəricələrə imza atmalarının ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticələri olduğunu vurğulayıb.

Nazir müavini Milad Beigi Hərçəqaninin 2-ci dəfə dünya çempionu olmasının Azərbaycan taekvondosunun inkişafından xəbər verdiyini bildirib. Kişilərdən ibarət komandamızın yarışda beşinci yerə çıxmasının sevindirici hal olduğunu qeyd edən İ.İsmayılov idmançılarımıza daha da böyük uğurlar arzulayıb.

Dünya çempionatında iştirak edən nümayəndə heyətimizin tərkibində olmuş Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri F.Mansurov da millimizin yarışda uğurla çıxış etdiyini, idmançılarımızın nizam-intizama xüsusi önəm verdiyini qeyd edib. O, dünya çempionatında böyük rəqabətə baxmayaraq, idmançılarımızın 1 qızıl və 1 bürünc medal qazanmasının böyük uğur olduğunu bildirib.

ATF-nin vitse-prezidenti Nağı Səfərov millimizin dünya çempionatına ciddi hazırlaşdığını və bu hazırlığın öz nəticəsini göstərdiyini deyib: "Dünya çempionatına 10 idmançı ilə qatılmışdıq. Qadınlardan ibarət millimiz yarışa tam heyətlə getməmişdi. Üç idmançımız şanssızlıqdan medal qazana bilmədi. Amma Milad 2-ci dəfə dünya çempionu oldu. Fəridə isə bürünc medal qazandı. Bu göstəricilər də uğurlu nəticələrdir. Artıq qarşıdan gələn Qran-pri yarışına hazırlığa başlamışıq".

ATF-nin digər vitse-prezidenti N.Paşayev isə dünya çempionatına yanvardan hazırlığa başladıqlarını bildirib: "Heyətdə gənc idmançılar da yer almışdı. Gənclərimiz yarımfinala qədər irəlilədilər və məğlub oldular. Bu da onların təcrübəsizliyindən irəli gəlir. Bu yarışdakı təcrübə onların gələcəkdə böyük uğurlar qazanması üçün böyük dəstək olacaq".

İkinci dəfə dünya çempionu olmuş M.Hərçəqani yüksək nəticənin qazanılmasında ona bütün komandanın dəstək olduğunu deyib: "Əlimizdən gələni edəcəyik ki, komandamızın digər üzləri də yaxşı nəticələr qazansınlar. Çalışacağıq ki, gələn yarışlarda uğurlarımzı davam etdirək".

Dünya çempionatında bürünc medal qazanmış F. Əzizova bu medalı 6 idi səbirsizliklə gözlədiyini vurğulayıb: "Təbii ki, daha böyük nəticə qazanmaq istəyirdim. İdmançı yarışa çempion olmaq üçün qatılır. Bütün idmançılar bir qızıl medala, bir də bürünc medala sevinirlər. Mən də bu medalı qazandığıma görə sevinirəm. Gənclər arasında dünya çempionu olmuşam və bu nəticəni böyüklər arasında da təkararlamaq istəyirdim, amma alınmadı. 67 kq çəkidə lider yoxdur. 10-15 nəfər güclü idmançı var. Hər dəfə ayrı idmançı çempion olur. Gələn dəfə mən çempion ola bilərəm. Bu dəfə bəlkə də məşq etməmişdim, hazır deyildim. Rəqibim də məndən hündür idi və onu tanımırdım. Çünki onunla qarşılaşacağımı gözləmirdim. Medal qazanmaqla sübut etdim ki, Fəridə Əzizova hələ də taekvondodadır və uğurlu nəticə göstərə bilər".

Qadınlardan ibarət millinin baş məşqçisi Elnur Amanov isə qarşıdan gələn 4 Qran-pri yarışlarında reytinq xallarını daha da yaxılaşdırıb ilk beşliyə düşməyi hədəflədiklərini qeyd edib. O, yığmamızın qarşıda daha da böyük nəticələr qazanacağına ümid etdiyini deyib.

Qeyd edək ki, dünya çempionatında Milad Hərçəqani (80) qızıl, Fəridə Əzizova (67 kq) bürünc medal qazanıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə