Velosipedçilərimizdən “Qara Dəniz Turu”nda uğurlu sonluq - FOTOLAR

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Qara Dəniz Turu”na yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sonuncu, 3-cü mərhələdə də inamla çıxış edən velosipedçilərimiz bununla da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xallarımızı bir xeyli artırıblar.

İlk 2 mərhələdə müvafiq olaraq 2-ci və 3-cü olan Samir Cəbrayılov bu dəfə 170 km məsafəni 3 saat, 45 dəqiqə, 55 saniyəyə keçən 10 nəfərlik qrupun içində yer alıb və fotofinişə əsasən 4-cü olub. Məhz bu nəticə təmsilçimizə ümumi təsnifatda 2-ci yerini qorumağa və bununla da Olimpiadaya 30 lisenziya xalı qazanmağa imkan verib. Samir 1-ci və 2-ci mərhələlərdə ölkə reytinqinə müvafiq olaraq 3 və 1 xal da əlavə etmişdi.

Milli komandamızın digər üzvü Elçin Əsədov isə “Qara Dəniz Turu”nu ümumi təsnifatda 10-cu yerdə başa vurmaqla reytinqimizi daha 3 xalla zənginləşdirib. Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış - “Tour of Mesopotamia”da da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə