"Sərhədçi"nin kikboksçuları Dünya Kubokunda 4 medal qazanıblar - FOTOLAR

Mayın 16-dan 19-dək Macarıstanın Budapeşt şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kuboku yarışı keçirilib. Azərbaycanın "Sərhədçi" kikboksinq klubunun baş məşqçisi, dünya çempionu, Əməkdar məşqçi, Dövlət Sərhəd Xidmətinin zabiti Fuad Zeynalovun SİA-ya verdiyi məlumata görə, yarışda klubun 4 gənc üzvü iştirak edib.

39 ölkədən 3040 idmançının mübarizə apardığı Dünya Kubokunda "Sərhədçi"nin bütün üzvləri yüksək nəticələr əldə ediblər.

54 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Kazımov güclü rəqiblərinin hamısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq çəkidə yarışan Qəşəm Məmmədov, 67 kq çəkidə çıxış edən Elşad Şahbazov və 81 kq çəkidə döyüşən Elcan Alıkişiyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb.

Beləliklə, "Sərhədçi" klubunun gənc kikboksçuları Dünya Kubokunu 1 qızıl, 3 gümüş medalla başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə