İbrahimoviç iki oyunluq diskvalifikasiya olunub

Şimali Amerika Baş Futbol Liqasının (MLS) “Los-Anceles Qalaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç “Nyu-York Siti” komandasının qapıçısı Şon Consonun boynundan tutduğuna görə iki oyunluq diskvalifikasiya olunub. SİA xəbər verir ki, “Los-Anceles Qalaksi” mayın 11-də öz meydanında “Nyu-York Siti” komandasına qarşı keçirilən oyunda 0:2 hesabı ilə məğlub olub. Oyunun 86-cı dəqiqəsində top İbrahimoviçin zərbəsindən sonra qapı çatına dəyərək meydanın hüdudlarından kənara çıxıb. Bundan sonra İbrahimoviç dönərək Consonun boynundan yapışıb və hər iki oyunçu qazonun üstünə yıxılıb. Qapıçı bir neçə dəqiqə əli ilə üzünü tutmuş vəziyyətdə yerdə qalıb.

Daha əvvəl İbrahimoviç müntəzəm çempionatda “Kolambus Kryu” ilə qarşılaşmasında (1:3) simulyasiyaya görə cərimə alıb. İsveçli “Kolambus”un qolkiperi Zak Stefanla toqquşaraq yerə yıxılıb və hakimdən penalti təyin olunmasını tələb edib. Liqanın intizam komitəsi həmin epizodda qapıçının topla oynadığını müəyyənləşdirib və İbrahimoviçi cərimələndirmək qərarını qəbul edib. Cərimənin məbləği barədə məlumat verilməyib.

“Los-Anceles Qalaksi” 12 oyundan sonra 22 xal toplayaraq Qərb konfransının turnir cədvəlində üçüncü yeri tutur. 11 oyundan sonra aktivində 18 xal olan “Nyu-York” komandası isə Şərq konfransında beşinci yerdədir. Los-Ancelesdən olan klub növbəti iki oyununu “Kolorado” (mayın 20-də) və “Orlando”ya (mayın 25-də) qarşı keçirəcək.

İbrahimoviç MLS-nin cari mövsümündə keçirdiyi 10 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə