Zöhrə Ağamirova: "Məqsədimiz səhvsiz çıxış etməkdir"

Mayın 16-19-da Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçiriləcək. Böyüklər arasında fərdi hərəkətlərdə Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcəklər.

SİA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçilərimiz Avropa çempionatına hazırlıq barədə danışıblar.

Z.Ağamirova bildirib ki, gimnastika ilə 3 yaşından məşğul olmağa başlayıb: "Əvvəlcə akrobatika ilə məşğul olsam da, sonradan bədii gimnastikaya keçmişəm. Artıq 14 ildir ki, gimnastika ilə məşğulam. Milli komandaya dəvət edildiyim üçün çox sevinirəm. Eyni zamanda Azərbaycanı təmsil etdiyim üçün böyük məsuliyyət də hiss edirəm. Avropa çempionatına çox az vaxt qalıb. Bu yarış mənim üçün çox vacibdir. Mən ciddi məşq edirəm. Məqsədimiz səhvsiz çıxış etməkdir.

V.Qudis deyib: “Mənim məşqçim xalam idi. Milli komandaya qatıldığımı biləndə böyük məsuliyyət hiss etdim. Kompozisiya zamanı əvvəlcə musiqi seçilir, daha sonra ona uyğun hərəkətlər tərtib olunur. Ümid edirəm ki, uğurla çıxış edib, mükafatçılar sırasında yer alacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə