Bakıda Futbol və biznes” sammiti işə başlayıb

Mayın 15-də Bakıda AFFA-nın və UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti işə başlayıb. SİA-nın məlumatına görə, sammit üç bölmə iclasından ibarət olacaq.

“Futbolun makroiqtisadi təsiri” mövzusunda birinci panel də çıxış edən AFFA-nın nümayəndəsi Tural Piriyev futbolun dünyada populyar idman növü olduğunu bildirib. O deyib ki, idmanın bu növünün dünyada kütləviliyi durmadan artır. Hazırda valideynlər övladlarını futbolla məşğul olmasına üstünlük verirlər. “Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa 40 min xarici azarkeşin gələcəyi gözlənilir. Bu, Azərbaycana həm iqtisadi, həm də turizm baxımından böyük xeyir gətirəcək. Final oyununa namizəd şəhərlər arasında Bakı, İstanbul və Sevilya yer almışdılar. Bakının final oyununa ev sahibliyi etməsində Azərbaycanda dövlətin bu mötəbər yarışa dəstək göstərməsi əsas amillərdən biri olub”, - deyə AFFA nümayəndəsi əlavə edib.

Vergilər Nazirliyinin əməkdaşı Elçin Məmmədov qeyd edib ki, müasir dövrdə idman əyləncə statusunu itirib həyatımızın əsas hissənə çevrilib. Dövlətlər idmana, xüsusilə də futbola böyük vəsait ayırırlar. On ildir ki, ölkəmizdə idmana qoyulan sərmayə və bu sahənin inkişafı istiqamətində atılan addımlar nəticəsində vergi güzəştləri tətbiq olunur.

“PWC Azerbaijan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev vurğulayıb ki, artıq futbola dünyada bir biznes kimi baxılır. Biznesdən danışırıqsa rəqabət mütləqdir və bu, dünya futbolunda da mövcuddur. Beynəlxalq arenada azarkeşlərə artıq potensial bazar kimi baxılır. Tanınmış futbolçuların liqalara keçməsi, güclü klubların formalaşdırılması ilk öncə ölkənin inkişafına müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın daha da böyüməsinə şərait yaradır.

Ölkəmizdə təşkil olunan Formula 1 yarışları ilə əlaqədar aparılan təhlillərin nəticəsindən danışan natiq bu sahədə əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Hazırda tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə