AzKİF və "Caspiantech" QSC arasında Saziş imzalanıb - FOTOLAR

Bu gün - mayın 15-də Azərbaycan Kiber İdman Federasiyası (AzKİF) və "Caspiantech" QSC arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Sazişi federasiya prezidenti Ramil Əliyev və "Caspiantech" QSC-nin direktoru Vüsal Məmmədov imzalayıb.

Mərasimdə qeyd olunub ki, iki təşkilat arasında əməkdaşlıq ölkəmizdə kiber idmanın daha dinamik və mütərəqqi inkişafına xidmət edəcək, ölkəmizin və kiber idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda iştirak imkanlarını genişləndirəcək və bütövlükdə yerli infrastrukturun və kiber idman icmasının inkişafına kömək edəcək. "Caspiantech" QSC Azərbaycanda idmanın inkişafına hər zaman böyük diqqət ayırıb. Bu məqsədlə yaşadığımız rəqəmsal dövrün öndə gedən idman növlərindən olan kiberidmanın daha da inkişaf etdirilməsinə inanır və dəstəkləyir.

Qeyd edək ki, AzKİF 2011-ci ildə təsis olunub və eyni ildən Beynəlxalq Kiber İdman Federasiyasının (İnternational e-Sport Federation) üzvüdür. Azərbaycan bu təşkilata üzv olan regionda birinci, postsovet məkanında ikinci ölkədir. IeSF-ə üç illik üzvlük müddətində Azərbaycan bu qurumda yüksək səviyyədə təmsil olunub və ölkəmizə kompüter idmanı üzrə 6-cı Dünya Çempionatını (The 6th Esport World Championship 2014, Baku) təşkil etmək həvalə olunub. Dünyanın 33 ölkəsini təmsil edən 300-dən artıq idmançının qatıldığı Dünya çempionatının təşkili İnternational eSports Federation və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan bu günədək belə yüksək səviyyəli kiberidman yarışlarının təşkili üçün nümunə olaraq qalmaqdadır.

Hazırda AzKİF Gənclər və İdman Nazirliyi ilə birlikdə Kompüter Oyunları üzrə XIII Milli Çempionat üçün hazırlıq işlərini başa çatdırır.

Həmçinin, qeyd edək ki, "Caspiantech" QSC (daha öncə "Azərinteltek" QSC olub) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, "Caspiantech" QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə