F2-nin sıralama turunda qəza baş verib

Bakıda keçirilən Formula 2 yarışının sıralama turunda qəza baş verib. SİA-nın məlumatına görə, İtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelaelin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib. Pilot bolidi təkrar hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri maşına ilişib və yıxılıb.

Açıqlamada birinci sərbəst yürüş sessiyasının lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunduğu qeyd olunub: “Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.
Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”.

Qeyd edək ki, Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer də “Prema Racing” komandasının heyətində yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə