Avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib

"Formula 1" üzrə SOCAR Azərbaycan Qran Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib. İdman Araşdırmalar Mərkəzindən (İAM) SİA-ya verilən məlumata görə, İAM-ın növbəti layihəsi olan Autocity.az-da avtomobil idmanı ("Formula 1", ralli, kartinq, motosiklet) ilə yanaşı, yol hərəkəti qaydaları və qəzalarından bəhs edən gündəlik operativ xəbərlər, müvafiq idman növləri və hadisələr üzrə multimedia materialları (fotosessiya, videolar), araşdırmalar, geniş təhlil və reportajlara yer verilir. Eyni zamanda saytın öz əməkdaşları və mütəxəssislərin fikirləri üçün bloqlar yaradılıb.

Saytda Avtomobil satışı distribüterləri, maşın bazarları, ehtiyat hissələrinin satış mağazaları və digər obyektlərdən reportajlar hazırlanır, yerli və dünya avtomobil bazarındakı vəziyyətin öyrənilməsi, təhlili aparılır, məşhurlardan müsahibələr götürülür. Sürücülük vəsiqəsi almaq istəyənlər üçün test materialları, avtomobil satışına dair reklam və elanlara da saytda yer veriləcək.

Autocity.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil İdmanı Federasiyası, Azərbaycan Motosiklet İdmanı Federasiyası, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti kimi qurumlarla sıx əməkdaşlıq şəraitində çalışacaq.

Məqsəd Azərbaycanda avtomobil idmanı üzrə yarışları təbliğ etməklə, bu sahədə yerli idmançıların yetişməsinə dəstək olmaq, ən azı 2023-cü ilədək təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisini, avtomobil idmanı ilə bağlı ölkədaxili və beynəlxalq yarışları geniş işıqlandırmaq, retro və yeni avtomobil sərgiləri, yürüşlərindən reportajlar hazırlamaq, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri aparmaq, Azərbaycanın avtomobil sektorundakı nöqsan və çatışmazlıqları üzə çıxarmaq, alqı-satqı elan və reklamlarına yer verməklə, saytı kommersiya platformasına çevirməkdir.

Qeyd edək ki, Autocity.az İAM-ın 7-ci ildönümü ərəfəsində ərsəyə gəlib. Qurumun təsis etdiyi Sportnet.az saytının isə mayın 15-də 5 yaşı tamamlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə