Cessi Cey Azərbaycan Qran Prisində konsert proqramı ilə çıxış edəcək

“Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019” yarış həftəsonunun şənbə günü, 27 aprel tarixində sağlamlıq məsələləri ilə bağlı konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün “Price Tag”, “Domino” və “Bang Bang” kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək. Bu barədə SİA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, Bakı Kristal Zalında baş tutacaq bu konsert tədbiri BŞH-nin Formula 1 yarış həftəsonu əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.

Britaniyalı müğənninin “Who You Are” adlı albomu milyonlarla satılıb və ona “BRITS Critics’ Choice” mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü “R.O.S.E” albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinqlı isə 26 aprel tarixində buraxılacaq.

Cessi Cey, eləcə də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivi, Sem Smitə şəfalar diləyir və onu tezliklə Bakıda görməyi arzulayır.

Bütün bilet sahibləri Bakı Kristal Zalında dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərində pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız 4-günlük bilet sahibləri 25 aprel tarixində baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər.

“Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019” yarışını yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Bütün xəbərlər Facebook səhifəmizdə