Tom Butçer: “Komandalar qarajlarını hazır vəziyyətə gətirirlər” - AÇIQLAMA

“Üç aydan artıqdır ki, intensiv şəkildə işləyirdik və artıq yarışa hazırıq”. SİA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer trek ərazisində təşkil olunan media-tur zamanı deyib.

Avstraliyalı mütəxəssis bildirib ki, hazırda bəzi xırda işlər üzərində işləyirlər: “Formula 1 və Beynəlxalq Avtomobil Federasiyalarının rəsmiləri də yarışa tam hazırdır. Bircə azarkeşlərin möhtəşəm tamaşanı yerində izləyib, zövq almaları qalır. Çalışırıq ki, yarışı əvvəlki illərdə olduğu kimi yaxşı təşkil edək. Əlbəttə, son məqamda görüləcək işlər üzə çıxır. Yolları tam bağlamazdan öncə reallaşdırmadığımız bəzi məsələlər vardı. Bəzi yerlərdə sədd və qapılar quraşdırdıq, rəngləmə işləri apardıq. Həmçinin künc hissələrdə təhlükəsizlik məqsədi ilə əlavə bayerlər quraşdırdıq. Hazırda da bu kimi işlərlə məşğuluq”.

T.Butçer komandaların hazırda öz qarajlarını hazır vəziyyətə gətirməklə məşğul olduğunu söyləyib: “Ötən həftədən etibarən komandaların yükləri hava, quru və su yolu ilə Bakıya gəlməkdədir. Artıq komandalar öz qarajlarını hazır vəziyyətə gətirirlər. Tezliklə pilotları da burada görəcəyik”.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran Prisi 26-28 apreldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...