BŞH ilə "Bakcell" arasında müqavilə imzalanıb - YENİLƏNİB

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə "Bakcell" şirkəti arasında Formula 1 üzrə Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik müqavilə imzalanıb. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim, "Bakcell" şirkətinin baş marketinq direktoru Todor Dimitrovski və BŞH-nın Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində "Formula 1"in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq.

Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına "Bakcell" şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

Bundan başqa, Bulvar ərazisində yerləşən "Formula 1"in azarkeşlər zonasında "Bakcell" üçün xususi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə