Dünya birinciliyində uğurla çıxış edən şpaqaçılarımız Vətənə qayıdıblar - FOTOLAR

Polşanın Torun şəhərində yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, dünya birinciliyində bürünc medal qazanmaqla müstəqillik tariximizdə analoji yarışda ilk dəfə mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadanımız Ruslan Həsənov Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

R.Həsənov jurnalistlərə müsahibəsində tarixi zəfərindən danışıb: “Belə bir nəticəyə imza atmağım mənim üçün gözlənilməz olsa da, əslində buna ümid edirdim. Bu nəticənin əldə edilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 finala və yarımfinala yüksəlmək uğrunda rumıniyalı və macarıstanlı şpaqaçılarla keçirdiyim görüşlər oldu. Gələcək hədəfim nəticəmi daha da yaxşılaşdırmaqdır. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacağam həmin yarışda da yaxşı çıxış edim”.

Milli komandamızın baş məşqçisi Çingiz Mustafayev də tarixi uğurla bağlı fikirlərini bölüşüb: “Qarşıda qələbələrimizin sayı daha çox olacaq. Ruslanın dünya birinciliyində bürünc medal qazanması hamımızın qələbəsidir. Bu qələbə komanda zəhmətinin nəticəsidir”.

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov isə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib: “Federasiya olaraq qarşımıza böyük hədəflər qoymuşuq. Yolumuz məsuliyyətli və mürəkkəb olsa da, şərəfəlidir. Ruslanın nəticəsinin ənənə halına çevriləcəyinə inanırıq”.

Xatırladaq ki aprel 6-14-də Polşanın Torun şəhərində yeniyetmə və gənclərin dünya birinciliyində Azərbaycan 6 idmançı ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə