Azərbaycanlı voleybolçudan dünya rekordu

Yaponiyada voleybol üzrə qadınlar arasında keçirilən ölkə çempionatında dünya rekordu qeydə alınıb. SİA-nın məlumatına görə, voleybol üzrə milli komandamızın aparıcı üzvü Yana Kulan bir oyun ərzində komandasına 60 xal qazandırmaqla dünya rekordu qırıb.

Qeyd edək ki, voleybolçumuz hal-hazırda Yaponiya çempionatında çıxış edən “Toray Errouz” klubunun şərəfini qoruyur. O, komandasının “Xisamitsu Sprinqs” komandası ilə qızıl medallar uğrunda “qızıl set”ə qədər davam edən görüşündə bu rekorda imza atıb. Təəssüflər ki, Kulanın rekordu komandasının çempion olmasına kifayət etməyib.

Əlavə edək ki, buna qədər dünya rekordu 57 xal idi.

Fərəh hissi ilə qeyd etməliyik ki, həmin rekord da digər milli oyunçumuz Polina Rəhimovaya məxsus idi. Rəhimova da həmin nəticəyə Yaponiya çempionatında "Toyota Auto Body Queenseis" klubunun heyətində çıxış edərkən 2015-ci ilin dekabrında imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə