Azərbaycan millisi elit-raunddakı son oyununda məğlub olub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası dünən Avropa çempionatının elit-raundunda son oyununu keçirib. "Report"un məlumatına görə, 1-ci qrupda yer alan yığma III turdaRumıniya yığması ilə üz-üzə gəlib.

Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunmuş qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Rumıniya millisi qollarından 3-nü ilk yarıda vurub. 7-ci və 20-ci dəqiqələrdə Valentin Mihayla, 29-cu dəqiqədə Andrey-Marius Rus fərqlənib. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədəAlexandru Tirlya qoyub.

Qrupun digər oyununda Rusiya millisi "Krasnodar" Futbol Akademiyasının stadionunda İrlandiya yığmasına uduzub - 0:2. Beləliklə, 3 oyunun hamısını qələbə ilə başa vuran İrlandiya yığması 9 xalla qrup lideri olub və 14 - 27 iyulda Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Rumıniya 4 xalla 2-ci, Rusiya 2 xalla 3-cü yeri tutub. 3 oyundan cəmi 1 xalla ayrılan Azərbaycan millisi isə qrup sonuncusu olub. Bu görüşlərdə Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv cəmi 1 qol vurub və qapısından 7 top buraxıb.

AVRO-2019-un elit-raundu

III tur

1-ci qrup

26 mart

18:00. Rumıniya - Azərbaycan - 4:0

Qollar: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3

Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

Krasnodar, "Kuban" stadionu (Rusiya)

18:00. Rusiya - İrlandiya - 0:2

Qeyd edək ki, 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri olan 7 ölkə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə