UEFA Ukrayna Futbol Federasiyasını cəzalandıracaq?

UEFA Ukrayna Futbol Federasiyasını ağır cəzalandıra bilər. "Maisfutebol"un yaydığı xəbərə görə, federasiyanın braziliyalı futbolçu Junior Moraesi milliləşdirilərkən FİFA-nın tələblərini pozduğu iddia olunur. Dünyanın ali futbol qurumunun qaydalarına əsasən oyunçu bu hallarda milliləşdirilə bilər:

1. Əgər o həmin ölkədə anadan olubsa.
2.Əgər onun valideyinləri və ya valideyinlərinin valideyinləri həmin ölkədə anadan olubsa.
3. Əgər həmin ölkədə fasiləsiz 5 il yaşayıbsa.

Moraes isə 2017-ci ildə Çinə yollanmamışdan əvvəl 4 il 8 ay Ukraynada yaşayıb. Bu səbəbdən UEFA Ukraynaya Moraesin iştirak etdiyi AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya (0:0) və Lüksemburqla (2:1) oyunlara görə, texniki məğlubiyyət verə bilər. Cəza tətbiq olunacağı təqdirdə, bu matçlardan 4 xal qazanan Ukrayna qrupda sonuncu pilləyə düşə bilər.

Qeyd edək ki, Ukrayna hazırda AÇ-nin seçmə mərhələsinin B qrupunda 4 xalla 1-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə