Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir - FOTOLAR

Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları davam edir. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən turnirin ikinci günündə - martın 15-də kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışların təsnifat mərhələsində güclərini sınayırlar.

Azərbaycan gimnastları Murad Ağarzayev və İvan Tixonov dayaqla tullanma və dəstəli at yarışlarında çıxış edəcəklər. İ.Tixonov və Nikita Simonov isə turnik yarışlarında mübarizə aparacaqlar.

Qadın gimnastımız Marina Nekrasova isə gimnastika tiri və sərbəst hərəkətlərdə yarışacaq.

Bu turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.

Dördgünlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə final mərhələləri keçiriləcək.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - “AGF Trophy” təqdim olunacaq.

Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə