"Əsas hədəfimiz dünya çempionatında yüksək nailiyyətlər qazanmaqdır"

Builki əsas hədəfimiz Çinin Şanxay şəhərində keçiriləcək dünya çempionatında yüksək nailiyyətlər əldə etməkdir. Bu sözləri Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy AZƏRTAC-a müsahibəsində bildirib.

Ölkəmizdə uşu döyüş növünə xüsusi maraq olduğunu vurğulayan A.Həsənsoy deyib: “Bu yarış uşu üzrə ənənəvi IV Azərbaycan çempionatıdır. Ənənəvi uşu ilə digər uşu yarışları fərqlənir. Ənənəvi uşuda bu idman növünün bütün növləri üzrə yarışlar keçirilir. Bu yarışda idmançılarımız əsasən çinda, vinçun və tuyşou növləri üzrə mübarizə aparırlar. May ayında isə uşunun sanda və tao növləri üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda Azərbaycanın hər bir bölgəsindən olan idmançılar iştirak edəcəklər”.

İdmançılarımızın daha nüfuzlu turnirlərdə də iştirak edəcəklərini diqqətə çatdıran A.Həsənsoy bildirib ki, qarşıda onları böyük yarışlar gözləyir. Aprel ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək uşu üzrə Avropa çempionatında idmançılarımız bütün növlər üzrə iştirak edəcəklər. Oktyabr ayında isə Çinin Şanxay şəhərində uşu üzrə dünya çempionatı keçiriləcək. Əsas hədəfimiz Çindəki dünya çempionatında yüksək nailiyyətlər əldə etməkdir. Bu səbəbdən idmançılarımız bu yarışa xüsusi diqqətlə hazırlaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə