“Çelsi” futbolçularına məvacib kimi 2,76 milyard funt sterlinq xərclənib

1992-93-cü illər mövsümündə İngiltərə Premyer-Liqası təsis ediləndən bəri Londonun “Çelsi” futbol klubunun oyunçularına məvacib kimi 3 milyard funt sterlinqdən çox pul xərclənib. SİA TASS agentliyinə istinadla xəbər verir ki, 2003-cü ildə rusiyalı biznesmen Roman Abramoviç bu klubu alandan bəri futbolçulara məvacib ödəmək üçün təqribən 2,76 milyard funt sterlinq xərclənib. “Çelsi” bu göstərici üzrə liderdir. İkinci yeri tutan “Mançester Yunayted” 1992-93-cü illər mövsümündən bəri öz oyunçularına məvacib kimi təqribən 2,6 milyard funt sterlinq xərcləyib.

Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə almışdı. Bu müddətdə “Çelsi” beş dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasında ilk dəfə qalib gəlib. Bundan əlavə, klub həmin müddətdə beş dəfə İngiltərə Kubokunun, üç dəfə Liqa Kubokunun, iki dəfə İngiltərə Superkubokunun sahibi olub.

İngiltərə Çempionatının cari mövsümündə 26 oyundan sonra 50 xal toplamış “Çelsi” turnir cədvəlində altıncı yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə