"Barselona" "Ayaks"dan daha bir futbolçu transfer edə bilər

"Barselona" Mattis de Liqtin transferi üçün "Ayaks"la danışıqlara başlamağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Maria Bartomeu açıqlama verib: "Bir müddətdir de Liqti izləyirik. Siyahımızda başqa oyunçular da var. Mart və aprel aylarında rəsmi danışıqlara başlayacağıq".

Hollandiya mətbuatında qeyd olunur ki, "Ayaks" "Barselona"dan 19 yaşlı stoper üçün 75 milyon avro tələb edib. Kataloniya klubu bundan əvvəl "Ayaks"dan 21 yaşlı Frenki de Yonqu 86 milyon avroya transfer edib. Yarımmüdafiəçi "Barselona"ya yayda qoşulacaq.

Qeyd edək ki, de Liqt bu mövsüm 36 rəsmi oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə