Vüqar Məmməd: "Azlıqda qalmağımız oyuna öz təsirini göstərdi"

Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd fikirlərini bildirib. SİA AFFA-nın rəsmi saytına açıqlama verən baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi. Çünki bu cür komandalara qarşı 70 dəqiqə azlıqda oynamaq çox çətindir. Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim.

Bu təlim-məşq toplanışı komanda üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətlərimizi üzə çıxardıq. Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq".

Xatırladaq ki, oyunda yığmamız 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə