Azərbaycan gimnastı Dünya Kubokunda finala vəsiqə qazanıb

Xəbər verdiyimiz kimi, Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları keçirilir. SİA-nın məlumatına görə, artıq Azərbaycan tamblinqçisi Mixail Malkin final mərhələsinə yüksəlib. Gimnastımız təsnifat mərhələsində 74,9 xal qazanıb. O, bu xalla təsnifat mərhəsində 2-ci olaraq həlledeci mərhələdə yarışmaq hüququ əldə edib.

Təsnifat mərhələsindən finala birinci yerdə isə rusiyalı idmançı Vadim Afanasyev (75,6 xal) çıxıb.

Qeyd edək ki, ilk 8 yeri tutan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparır. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edir. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparırlar.

İki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə