Kanadalı gimnast: “Əsas məqsədim Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır”

“Düşünürəm ki, bütün gimnastların qalib gəlmək üçün potensialı var. Mən bütün gücümlə mübarizə aparıram”. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edən ikiqat Olimpiya çempionu, kanadalı gimnast Rozanna Maklennan deyib.

O, əsas məqsədinin Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduğunu bildirib: “Bu yarış lisenziya xarakterli olduğu üçün əlimdən gələni edəyəm ki, olimpiadaya vəsiqə qazanım. Çin, Rusiya, Belarus, Böyük Britaniya yığmaları ən güclü komandalardır”.

Gimnast qeyd edib ki, 2015-ci ilin batut üzrə dünya çempionatı və 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları karyersında ən çətin yarışlar olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 30 ölkədən 160-dan artıq gimnast mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə