Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib

Bu gün Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistanın bayraqları arenaya gətirilib.

Çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda daha bir idman bayramının reallaşacağını deyib: "Dünyanın ən güclü gimnastları Bakıda toplaşıb. Azərbaycan bütün idman növləri üzrə yarışları ən yüksək səviyyədə keçirməyə qadir ölkədir. Buna misal kimi "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" Qran Prilərini göstərmək olar. Bu il də ölkəmizdə bir çox mötəbər yarışlar olacaq".

Nazir müavini batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun da ölkəmizdə növbəti dəfə yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan edilib.

Qeyd edək ki, yarışda 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparır. Dünya Kuboku 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.

Yarışda Azərbaycanı 5 idmançı təmsil edir. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparırlar.

Qeyd edək ki, iki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB