“The Sun”: Zidan “Çelsi”yə baş məşqçi gətirilir

İspaniyanın “Real Madrid” klubunun sabiq çalışdırıcısı Zinəddin Zidan İngiltərənin “Çelsi” komandasına baş məşqçi təyin oluna bilər. “The Sun” nəşri yazır ki, ingilis klubunun rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Maurissio Sarini istefaya göndərmək imkanlarını nəzərdən keçirir. İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyətdən sonra bu qərar qəbul olunub.

Qırx altı yaşlı məşqçinin agenti Alen Milyaçço bildirib ki, fransalı mütəxəssis mövsümün ortasında heç bir klubla danışıqlar aparmayacaq. Razılaşma yalnız yayda ola bilər.

Zidan “Real Madrid”ə 2016-2018-ci illərdə rəhbərlik edib. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardıcıl UEFA Çempionlar Liqası kubokunu qazanıb.

Xatırladaq ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem fransalı Zinəddin Zidanı sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi postuna gətirmək istədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə