“Neftçi”: "Artıq yay transfer pəncərəsi üçün çalışmalara start vermişik"

Bakının “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev komandanın Azərbaycan Premyer Liqasında uğurlu çıxışı və perspektivləri ilə bağlı AZƏRTAC-ın əməkdaşının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Kamran müəllim, “Neftçi” cari mövsümə inamla başlayıb. Hazırda çempionatın vahid lideridir. Klubun builki çıxışının əsasında hansı amillər dayanır?

- “Neftçi” ölkənin ən böyük tarixə malik, titullu və uğurlu klubudur. Ölkəmizin futbol tarixində bu klubun özünəməxsus ənənələri var. Başqa klubdan buraya gələn hər bir insan bu ab-havanı dərhal hiss edir. Kluba cəlb olunan istər futbolçu olsun, istərsə də başqa sahənin peşəkarı bu məsuliyyəti dərk edir. Biz xoşbəxt hadisələrə yox, planlaşdırılmış işin nə vaxtsa nəticə verəcəyinə inanırıq. Hazırkı vəziyyətdə əldə etdiyimiz uğurda bir çox insanın əməyi var. Amma bu, bizim üçün məqsəd deyil. Uğurlu çıxış bütün insanların əməyidir. Bu, sponsorlar da daxil olmaqla klubda bir yumruq olaraq çalışan zəhmətkeşlərin işidir. Bizim uğurlu kollektivimiz və təməlimiz var ki, bu da öz nəticəsini göstərir. Təbii ki, meydançada futbolçular oynayır, lakin onları bu vəziyyətə gətirib çıxaran heyət və ən əsası azarkeşlərdir. Azarkeşlər daim bizə dəstək olurlar. Son oyunlarda bunun şahidi olduq. Bu amillər həlledicidir.

- “Neftçi”nin qış hazırlığını necə qiymətləndirirsiniz?

- On ilə yaxındır qış hazırlıq prosesi dövründə Antalyada oluram. Əvvəllər AFFA-da, sonra isə “Sumqayıt” klubunda çalışmışam. Bu il qış Antalyada çox sərt keçdi. Antalyada adətən müşahidə ediləndən tamamilə fərqli iqlimin şahidi olduq. Hava şəraiti nəinki bizə, digər klublara da öz təsirini göstərdi. Ancaq nəzərdə tutulmuş üç yoxlama oyunu təşkil edildi. Əlavə bir oyunun da keçirilməsi nəzərdə tutulsa da, müəyyən zədələr ucbatından təxirə salındı. Hazırlıq plana uyğun həyata keçirildi. Günəşli hava insana pozitiv təsir göstərir. Demək olar ki, təlim-məşq toplanışı dövründə günəş görmədik. Bizi küləkli və yağışlı hava müşayiət etdi. Hazırlıqdan sonra ilk oyunda futbolçular kifayət qədər cəld idilər və sonadək mübarizə apardılar. Antalya toplanışını 80 faiz müsbət dəyərləndirmək olar.

- Komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə heyətdə hər hansı dəyişiklik ediləcəkmi?

- Düzdür, avrokuboklara vəsiqə qazanmamaq ehtimalı çox aşağıdır. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların digərləri ilə xal fərqi çoxdur. Ancaq bu, futboldur və biz avrokuboklara iddiaçılardan biriyik. Heyətin formalaşdırılması avrokubok yarışlarına vəsiqə qazanıb-qazanmamaqdan asılı deyil. İstənilən klub yay transfer pəncərəsində heyətini gücləndirməyə çalışır. Klubda bir neçə mövqeyə daha güclü futbolçular cəlb oluna bilər. Artıq yay transfer pəncərəsi üçün çalışmalara start vermişik. Bizim yayı gözləmək fikrimiz yoxdur. Biz onları izləyəcəyik, çünki bu, çox vacibdir. Daha sonra texniki və maddi məsələlər danışılacaq. May-iyun aylarında kimi transfer edəcəyimizi dəqiqləşdirəcəyik.

Uzunmüddətli zədələr bizim üçün əsas başağrısıdır. Təcrübəli futbolçumuz və kapitanımız Ruslan Abışov xeyli vaxtdır meydandan kənardadır və ondan istifadə edə bilmirik. Sevindirici haldır ki, artıq məşqlərə başlayıb. Ancaq tam olaraq forma yığa bilməyib. Bütün bu amillər nəzərə alınaraq müxtəlif mövqelərdə axtarışlarımızı davam etdiririk.

- Ölkədə futbolun inkişafına flaqman olaraq “Neftçi”nin hansı töhfələri var?

- “Neftçi” ölkəmizin futbol tarixinin özəyidir. Klub 1937-ci ildə yaradılıb. 2011-ci ildə Azərbaycanda futbolun yaranmasının 100 illiyi qeyd olunub. Bu tarixlər arasında çox az fərq var. Biz gözümüzü açandan “Neftçi”ni görmüşük. SSRİ dövründə “Neftçi” ölkəmizi təmsil edib. Həmçinin həmin dövrdə yığma komandamız idi. Ölkəmizin ən istedadlı futbolçuları bir neçə klubdan keçdikdən sonra “Neftçi”yə düşməyə can atırdılar. Müasir dövrdə isə digər klublarımız da öz sözlərini deyiblər. Gənc futbolçuların inkişafında “Neftçi” həmişə seçilib. Bu klubda çıxış etmək hər bir futbolçu üçün qürurvericidir. Uşaqlar üçün isə “Neftçi”yə düşmək bir xəyaldır. İnanıram ki, keçmişdə olduğu kimi, bu gün də və gələcəkdə də klubumuz flaqman olaraq qalacaq. Bunu sözdə yox, yetişdirdiyi futbolçularla, qazandığı nailiyyətlərlə və ətrafına topladığı azarkeşlərlə nümayiş etdirməliyik. Düşünürəm ki, “Neftçi”nin ölkə futbolunun inkişafına mühüm töhfəsi olub.

- Ötən ay “Bursaspor” klubu ilə əməkdaşlıq memorandumu imzalandı. Gələcəkdə digər klublarla da belə əməkdaşlıq nəzərdə tutulur?

- Zərurət yaranarsa, belə əməkdaşlıq qurula bilər. Biz kəmiyyətdən daha çox keyfiyyətə üstünlük veririk. Bizə göstərdikləri diqqətə görə “Bursaspor” klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu əməkdaşlıq hər iki klub üçün faydalı olacaq. Ötən ilin noyabrında klubun vitse-prezidenti Cem Öztürk Bakıda qonağımız oldu. “Bursaspor” 3,5 milyon nəfər əhalisi olan şəhərin yeganə böyük klubudur. Gözəl ənənələri, arenaları və sadiq azarkeşləri var. Belə klubun çıxışını kənardan izləmək böyük zövq verir. Klubun departamentlərinin fəaliyyəti ilə yaxından tanışlıq çox faydalıdır. “Bursaspor” “böyük dördlüyə” daxil olan komandalardan başqa çempion olan yeganə klubdur. Klubun çox möhtəşəm akademiyası fəaliyyət göstərir. Akademiyanın rəhbəri və əlaqələndiricisi əslən azərbaycanlıdır. Artıq akademiyalarımız arasında əməkdaşlıq istiqamətində danışıqlara start verilib. “Bursaspor”un akademiyası hər il Türkiyə yığmalarına böyük sayda futbolçular bəxş edir. “Neftçi”nin gələcək inkişafı üçün belə əməkdaşlıq çox vacibdir.

- Azərbaycanda uşaq futbolunun inkişafında “Neftçi”nin payını necə qiymətləndirirsiniz?

- Hər yaş qrupu üzrə komandalarımız fəaliyyət göstərir. Premyer Liqada çıxış edən bütün klublarda və yığma komandalarda yetirmələrimiz var. Məncə, “Neftçi”nin gələcəyi daha parlaqdır və futbolumuza daha çox faydalı olacaq. Hazırda yeni təlim-məşq toplanışı bazası tikilir. Orada uşaqlar üçün lazımı şərait yaradılacaq. Bəzi istedadlı uşaqlar üçün orada yaşamaq imkanı yaradılacaq. Biz bunu bütün Avropa klublarının timsalında gördük. Hesab edirəm ki, düzgün yoldayıq. Əlaqələndiricimiz - uzun illər “Mançester Yunayted” klubunun əməkdaşı olan və uşaq futbolu üzrə peşəkar Mik Benet bu sahədə bizə böyük kömək göstərir. Uşaq futbolunda ən yaxşı nəticə daha çox oyunçu yetişdirməkdir. Həmçinin akademiyanın yerli məşqçilərinin təhsili üzərində də iş aparılır. Məşqçilərimizin “Bursaspor”da hazırlıq keçməsi istiqamətində danışıqlarımız olub. Akademiyaya çox böyük önəm veririk.

- İdmana gəlişiniz bizim üçün maraqlı olardı.

- Məni tanıyanlar necə bir futbol azarkeşi olduğumu bilirlər. İdmanın bu növü həyatımın bir parçasıdır. Uşaqlıqda futbolla məşğul olmuşam. Atam həmişə məni “Neftçi”nin Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunlarına aparırdı. “Neftçi” heç vaxt mənim üçün yad ola bilməz. Çünki uşaqlıqdan bu klubun azarkeşi olmuşam. 2009-cu ildə AFFA-nın baş katibi Elxan Məmmədov məni quruma dəvət etdi və texniki departamentdə fəaliyyətə başladım. Çox gözəl mühitdə işləyirdik və əla komandamız var idi. Elxan Məmmədov həmişə öz təcrübəsini bizlərlə bölüşürdü. Mənim karyeramda onun çox böyük rolu olub. Daha sonra “Sumqayıt” klubuna dəvət aldım. Bu çox məsuliyyətli iş idi. İdman şəhərində yerli futbolçulardan ibarət komanda yaratmaq çox çətin idi. İnanıram ki, biz bunu bacara bildik. Hazırda “Sumqayıt” ölkədə öndə gedən klublardandır. Sonra isə “Neftçi”yə - uşaqlıqdan arzuladığım kluba gəldim. Bu işdə mənə inanıb və etibar edənlərə təşəkkürümü bildirirəm.

- Bu il UEFA Avropa Liqasının finalının və gələn il “Avro 2020”nin oyunlarının Bakıda təşkili ölkəmiz üçün nə vəd edir?

- Bu, Azərbaycan azarkeşlərinə böyük hədiyyədir. Çoxları fikirləşir ki, əgər futbolçu yaxşı oynayırsa bu, inkişafdır. İnkişaf bütün sahələri əhatə etməlidir - azarkeş, futbola maraq göstərən biznes qurumları və dövlət. Dövlətin idmana göstərdiyi diqqət və qayğı göz qabağındadır. Futbolu təbliğ və inkişaf etdirmək üçün belə turnirlər çox faydalıdır. Bu, ölkə rəhbərliyinin və AFFA-nın uğurudur. Çünki irimiqyaslı yarışların təşkilində dövlətin zəmanəti olmalıdır. Ümid edirəm ki, bu yarışlardan sonra ölkəmizdə daha çox insan futboldan danışacaq və matçlara gələcək. Futbol başda olmaqla, bütün idman növlərini azarkeşsiz təsəvvür etmək mümkün deyil. Hər iki turnir zamanı ölkəmizdə əsl idman bayramı yaşanacaq. Azərbaycan birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin 2012-ci ildə U-19 qadınlar arasında dünya çempionatı, dörd il sonra isə U-17 Avropa çempionatı təşkil olunub. Bizi gözləyən iki möhtəşəm yarış da bu silsilənin böyük davamıdır. Postsovet məkanında Rusiyada dünya çempionatı, UEFA Çempionlar Liqasının finalı, Ukraynada Avropa çempionatı, Gürcüstanda isə Super kubok yarışları keçirilib.

- UEFA Avropa Liqasının final oyununda hansı komandaları görmək istərdiniz?

- Mənim üçün maraqla final “Napoli”-“Sevilya” oyunu ola bilər. Həqiqətən gözəl oyun olacağını düşünürəm. Düzdür, azarkeşi olduğum komandalar UEFA Avropa Liqasında iştirak etmir. “Çelsi”, “Arsenal”, “Qalatasaray” və “Fənərbağça”nın da oyunu möhtəşəm olar. Qardaş ölkənin klubları ölkəmizə gəlsə əsl bayram olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə