Sulşer yeni mövsümdə də “Mançester Yunayted”i çalışdıracaq

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ole Qunnar Sulşer yeni mövsümdə də komandanı çalışdıracaq. TASS agentliyi xəbər verir ki, İngiltərə Premyer Liqasının 26-cı turunda “Fulhem” klubunu məğlub edəndən sonra baş məşqçi və agenti komandanın idarə heyətin üzvləri ilə görüşüblər. Klubun həmsədri Avram Qleyzer “The Sun” nəşrinə verdiyi açıqlamada, Sulşerin yeni mövsümdə klub ilə uzunmüddətli müqavilə imzalayacağını qeyd edib. Sözləşmə ictimaiyyətə cari mövsümün sonunda bildiriləcək.

Qeyd edək ki, Ole Qunnar Sulşer 2018-ci il dekabrın 19-da Jose Mourinyo vəzifəsindən azad edildikdən sonra “Mançester Yunayted” klubuna müvəqqəti baş məşqçi təyin olunub. Norveçli mütəxəssisin 11 oyunluq məğlubiyyətsiz seriyası davam edir. O, klub ilə 10 qələbə və 1 heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə