Bakıda keçiriləcək beynəlxalq yarışla bağlı maraqlı təşəbbüs - FOTO
Bakıda baş tutacaq para cüdo üzrə beynəlxalq yarışın qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. O, öz əlişi olan kimanolu Cırtdan kuklasını Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağını hazırlaya biləcəyini söyləyib.
ARMPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyi ilə B.Şıxıyeva 70 ədəd həmin hədiyyədən hazırlayacaq.
Xatırladaq ki, bu ilin 11-13 may tarixlərində Bakıda para cüdo üzrə beynəlxalq Qran-pri yarışı keçiriləcək. Tokio 2020 paralimpiya oyunlarına lisenziya xalı qazandıran bu cür yarış şəhərimizdə ilk dəfədir ki, keçirilir. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə