"Arpaçay Open" beynəlxalq karate turniri başlayıb

Yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq karate turniri start götürüb. SİA-nın məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçirilən açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edirlər.

Turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata yarışları keçirilir. Yanvarın 19-da 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, ertəsi gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin iştirakı ilə müxtəlif çəki dərəcələrində kumite görüşləri təşkil olunacaq.

Ölkəmizdə üçüncü dəfədir keçirilən yarışlara 11 ölkədən 800-dək idmançı qatılıb.

Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə