Finlandiya Formula 1 yarışına ev sahibliyi etmək istəyir

2020-ci ildə Finlandiyanın paytaxtı Helsinkidən 110 kilometrlik məsafədəki avtodromda MotoGP dünya çempionatının debüt mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, hazırda tikintisi davam edən avtodrom daha yüksək səviyyəli yarışların keçirilməsi üçün bütün tələblərə cavab verəcək. Bunu nəzərə alan Finlandiya Avtomobil İdmanı Federasiyası bu ölkədə Formula 1 dünya çempionatı mərhələsinin keçirilməsi imkanlarını araşdırır.

“GPblog” saytına müsahibə verən federasiya rəhbəri Tatu Lexmuskallio bildirib ki, avtomobil idmanı sahəsində Finlandiyanın geniş təcrübəsi var. Son illər fin yürüşçülər Formula 1 və WRC yarışlarında digər ölkələrin təmsilçilərindən daha çox titul qazanıblar. Ölkədə uğurlu və maraqlı idman yarışlarının təşkili sahəsində də yaxşı ənənə mövcuddur.

Finlandiyanın 150 min tamaşaçı yerlik “KymiRing” avtodromu 2019-cu ilin avqustunda avtomobil idmanı ilə məşğul olanların sərəncamına veriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə