Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Nazir müavini bildirib ki, güləşçilərimiz həmişə beynəlxalq arenada yüksək nailiyyətləri ilə xalqımızı sevindirirlər. İdmanın bu növü ölkəmizdə çox sevilir və populyardır. Ölkə çempionatında da rəqabət çox yüksəkdir.

Azərbaycanın mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən İ.İsmayılov ölkəmizdə respublika birinciliklərinin dünya və Avropa çempionatları səviyyəsində təşkil olunduğunu diqqətə çatdırıb. O, güləşçilərimizin “Tokio 2020” Yay Olimpiya Oyunlarında da yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirib.

Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifələrini icra edən Namiq Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda sürətli inkişafın müşahidə olunduğunu vurğulayıb. N.Əliyev bildirib ki, güləşçilərimiz həmişə yüksək nailiyyətləri ilə fərqlənirlər. Cari ildə pəhləvanlarımız Avropa birinciliklərində 14, dünya çempionatlarında isə 6 medal qazanıblar. İki güləşçimiz isə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında fəxri kürsüdə yer alıb. Bütün bunları nəzərə alaraq, cari ili Azərbaycan güləşi üçün uğurlu hesab etmək olar.

Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən N.Əliyev qaliblərin milli komandaya cəlb olunacaqlarını deyib və yarışı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasiminə cari ildə yüksək nəticələr qazanan yeniyetmə və gənc güləşçilərin mükafatlandırılması ilə yekun vurulub.

Mərasim başa çatdıqdan sonra yunan-Roma güləşçilərinin medallar uğrunda mübarizəsinə start verilib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə