Azərbaycan çempionatında 3 çəkidə yarımfinalçılar müəyyənləşib

Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın birinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramadək çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparırlar. Güləşin bu növü üzrə 206 pəhləvan qüvvəsini sınayır.

Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda 3 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib. Belə ki, 55 kiloqram çəki dərəcəsində Rəşad Abdulov, Zaur Əliyev, Ziya Zeynalov, İbrahim Nurullayev yarımfinala yüksəliblər. Yarışda 82 kiloqram dərəcəsində Elvin Mürsəliyev, Aslan Məmmədov, Elməddin Ramazanov, Elton Vəzirzadə, 130 kiloqram çəki dərəcəsində isə Tarış Əbilov, Akif Səfərov, Elmir Şirinov və Oyan Nəzəriani finala vəsiqə uğrunda xalça üzərinə çıxacaqlar.

Yarımfinal və medallar uğrunda qarşılaşmalar dekabrın 19-da keçiriləcək.

Çempionatın reqlamentinə əsasən, yarışın birinci günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Dekabrın 19-da bu növ üzrə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları dekabrın 20-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə