Fərid Qayıbov: “2018-ci il Avropa Gimnastika İttifaqı üçün uğurlu oldu” - AÇIQLAMA

“2018-ci il mənim üçün çətin və maraqlı oldu. Ötən ilin sonunda Avropa Gimnastika İttifaqına (UEG) prezident seçildim. Bu il sözügedən qurumun rəhbəri kimi fəaliyyətimin ilk ili idi”. SİA-nın məlumatına görə, bunu media nümayəndələrinə açıqlamasında jurnalistlərin səsverməsi ilə “İlin idman xadimi” nominasiyasının qalibi seçilmiş Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov deyib.

O qeyd edib ki, 2018-ci il Avropa Gimnastika İttifaqı üçün uğurlu olub: “Dünya və Avropa çempionatları ilə yanaşı, Avropa idman qurumlarının dəvəti ilə müxtəlif tədbirlərdə iştirak etdim. Avropa Gimnastika İttifaqının iclasları oldu. Bu iclaslarda qurumun gələcək siyasəti və iş planını müzakirə etdik, üzərində işlədik . Artıq müəyyən nəticələr də var. Qərarlarımız özünü doğrultdu. Bəzi qərarların nəticəsini bu il görə bilirik. Digərlərinin nəticəsini isə mütləq görəcəyik. Məhz bu gün Avropa Gimnastika İttifaqının yeni veb səhifəsi istifadəyə verilib”.

On beş il Azərbaycan Gimnastika Federasiyasında (AGF) çalışmış Ali qitə qurumunun rəhbəri AGF-nin böyük nailiyyətlər qazandığını vurğulayıb: “2017-ci ilin sonunda AGF Beynəlxalq Gimnastika Federasiyası tərəfindən ilin ən yaxşı federasiyası seçildi. Bu aparılan işin ən yaxşı göstəricisdir. İdmançılarımız da yüksək nailiyyətlər əldə ediblər. Bu il Mixail Malkin Bakıda keçirilən batut üzrə Avropa çempionatında qızıl medal qazandı. Bədii gimnastlarımız da Avropa çempionatında medallar qazandılar. Azərbaycanda gimnastika idmanın inkişafında böyük rol oynayır. Hər kəs bilir ki, idman gimnastikadan başlayır”

F.Qayıbov bildirib ki, 2019-cu ildə Bakıda gimnastika üzrə daha çox beynəlxalq yarışlar keçiriləcək: “2018-ci ildə ölkəmizdə gimnastika üzrə 6 irimiqyaslı yarış keçirilib. Üç dünya kuboku, Avropa çempionatı və müxtəlif beynəxlaq yarışlar təşkil edilib. 2019-cu ildə isə Milli Gimnastika Arenasında daha çox yarışlar olacaq. Gələn il olimpiadaya lisenziya xalları verən 3 dünya kuboku keçiriləcək. Bundan başqa, Bakıda bədii gimnastika və aerobika üzrə iki Avropa çempionatı və bədii gimnastika üzrə dünya çempionatı təşkil ediləcək. Azərbaycanda keçirilən yarışlara gələn ölkələrin coğrafiyası da artır. Builki bir dünya kubokuna 20-25 ölkə gəlmişdisə, artıq sifariş formalarından bəlli olur ki, gələn il 48 ölkə gələcək. İdmançılarımıza 2019-cu ildə yüksək nailiyyətlər arzulayıram”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə