BŞH-nın əməkdaşı FIA-nın Baş Assambleyasında çıxış edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tibb idarəsinin direktor müavini Vaqif Nəbiyev dekabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyası çərçivəsində “Tibbi Sammit və Baş Tibb Mütəxəssisləri üçün Seminar”da məruzə ilə çıxış edib. BŞH-dan SİA-ya bildiriblər ki, sammitdə bir sıra tematik mövzular ilə yanaşı, əsas olaraq antialkoqol qaydaları (anti-alcohol regulations) və həyat üçün təhlükəli zədələrin (life threatening injury) müzakirəsi aparılıb və praktiki məşğələlər təşkil olunub.

Tədbirdə V.Nəbiyev “Yol qəzaları səhnəsində tənəffüs yollarının bərpası üsulları” (Airway management in an accident scene) mövzusunda çıxış edib.

Xəstəxanadan kənar, bilavasitə qəza hadisəsi yerində müxtəlif Krikotiroidatomiya üsulları nəzərdən keçirilib (Fast Outdoor Cricothyroidotomy Technique).

Bildirilib ki, HALO və gücləndirilmiş çəpərlərə görə yarış zamanı sifət travması riskinin az olmasına baxmayaraq, kritik şəraitdə tənəffüs yollarının bərpası metodları öz aktuallığını itirməyib. Daim təcrübənin artırılması ümumilikdə təbabət praktikasında müsbət nəticələrə gətirib çıxardaraq, hətta nə vaxtsa, tək bir insan həyatını xilas edə bilər.

Sonda V. Nəbiyevin məruzəsi Tibbi Sammit çərçivəsində ən maraqlı çıxışlardan biri hesab olunub və FIA Medikal Komissiyasının prezidenti professor Cerard Saylond (Gérard Saillant) tərəfindən yüksək qiymətləndirilərək məruzənin FIA-nın saytında yerləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, V.Nəbiyevin təqdimatı Azərbaycan dilinə tərcümə olunacaq və Azərbaycan Qran Prisində iştirak edəcək təcili yardım həkimlərinə yarış vaxtı və gündəlik həyatda qəza zamanı bu üsuldan istifadə etmələri üçün təqdim edilərək təlimlər təşkil olunacaq.

“Tibbi Sammit və Baş Tibb Mütəxəssisləri üçün Seminar” Baş Assambleya çərçivəsində FIA-nın Tibb Departamenti və Rusiya Avtomobil Federasiyasının təşkilatçılığı ilə həyata keçirilmişdir.

Dünyanın 50 ölkəsindən 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə FIA-nın prezidenti Jan Todt (Jean Todt), dünyanın bir çox ölkələrinin avtomobil federasiyalarının rəhbərləri iştirak ediblər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə